İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən “Startup School 4: Beş qitə, 500 startap” qlobal innovasiya proqramı çərçivəsində növbəti təlim sessiyası keçirilib. Proqramın “Rəqəmsallaşma” (Digitalization) moduluna daxil olan sessiya Finlandiyada fəaliyyət göstərən “The Brutally Honest Ecosystem” şirkətinin həmtəsisçisi Alperen Zeki Gokmen tərəfindən təqdim olunub.
“Səmərəli rəqəmsal əməliyyatlar: Təsisçilər 2026-cı ildə şirkətləri necə idarə edirlər?” (The Lean Digital Operation: How Founders Run Companies in 2026) mövzusuna həsr olunan sessiyada müasir biznes mühitində rəqəmsal alətlərdən səmərəli istifadə, əməliyyat proseslərinin optimallaşdırılması, məhsuldarlığın artırılması və avtomatlaşdırma həllərinin tətbiqi ilə bağlı praktiki yanaşmalar iştirakçılarla bölüşülüb.
Təlim zamanı təsisçilərin dəyişən biznes mühitində şirkətlərini daha çevik və effektiv idarə etmələri üçün istifadə etdikləri rəqəmsal idarəetmə modelləri, süni intellekt əsaslı həllərin və avtomatlaşdırma vasitələrinin biznes proseslərinə inteqrasiyası, eləcə də rəqabət üstünlüyünün qorunmasına xidmət edən strategiyalar barədə ətraflı məlumat verilib. Sessiya çərçivəsində iştirakçılar rəqəmsal transformasiya proseslərinin startapların inkişafına təsiri və bu sahədə beynəlxalq təcrübələr ilə tanış olublar.
Sessiyanın interaktiv hissəsində iştirakçıların sualları cavablandırılıb, rəqəmsal əməliyyatların qurulması, komanda məhsuldarlığının artırılması və innovativ texnologiyaların biznes fəaliyyətinə tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Startup School 4: Beş qitə, 500 startap” proqramı dünyanın müxtəlif ölkələrindən olan ekspertləri, mentorları və innovasiya ekosisteminin nümayəndələrini bir araya gətirərək iştirakçı startapların qlobal bilik, təcrübə, tərəfdaşlıq və investisiya imkanlarına çıxışını dəstəkləyir. Proqram innovativ ideyaların inkişaf etdirilməsi, sahibkarlıq bacarıqlarının gücləndirilməsi və startapların beynəlxalq bazarlara inteqrasiyasının təşviqi məqsədilə həyata keçirilir.
Registration has ended on 08.08.2025 at 00:00 (Baku time).
We wish success to all projects in the first selection!